2019-cu ilin iyun ayının sonuna “AccessBank”ın depozit portfeli 628 mln. manat təşkil edir, bu da tarixi maksimumdur. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" görüşünün iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.
Həsənov vurğulayıb ki, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir.
"Bu il depozit portfelimiz 120 mln. manat, ötən il isə 72 mln. manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib", - o qeyd edib.
Bankın rəhbəri əlavə edib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir. "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir", - Həsənov vurğulayıb.
Onun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının müddətinin bir il müddətə - 2020-ci ilin mart ayına qədər uzadılması ilə bağlı qərar depozitlərin gəəcəkdə artımasına imkan yaradır.
Həsənov həmçinin vurğulayıb ki, ölkədə işgüzar aktivliyin bərpa olunması maliyyələşməyə tələbatı artırır.
Onun sözlərinə görə, 53%-lik bazar payı ilə “AccessBank” mikro kreditlərin verilməsində liderliyini qoruyur. Bankın mikro kredit müştərilərinin sayı 55 min nəfər təşkil edir.
"Bank tərəfindən kreditlərin təxminən 97%-i milli valyutada verilir. Portfelimiz olduqca keyfiyyətlidir və hazırda gecikmə əmsalı 0,2% təşkil edir. Kredit mütəxəssislərimizin məhsuldarlığı devalvasiyadan öncə müşahidə olunan göstəriciləri üstələyib. Hazırda bir əməkdaşımızın orta aylıq məhsuldarlığı 21 mikro kredit təşkil edir, bu isə ay ərzində bank tərəfindən təxminən 6 min mikro kreditin verilməsi deməkdir", - Həsənov vurğulayıb.
O əlavə edib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərini əlçatan maliyyə mənbələri ilə təmin etmək məqsədilə “AccessBank” Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edir. , "Bank AKİA ilə əməkdaşlığa cari ilin aprel ayından etibarən başlayıb və bu müddət ərzində müştərilərimizə 3 milyon manat məbləğində kredit verilib", - bankın rəhbəri bildirib. **
A.Əzizov