Azərbaycanda tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində ölkə iqtisadiyyatına kapital qoyuluşlarının ümumi həcmi $5,5 mlrd.-a çatıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycanda sahibkarlığa dəstək ildən ilə artır. Güzəştli kreditlər verilir, logistika mərkəzləri, sənaye parkları və məhəllələri yaradılıb və burada rezidentlərə böyük güzəştlər təqdim olunur. Bundan əlavə, ölkə ərazisində tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində prioritet sahələrə sərmayə qoyan investorlara vergi və gömrük güzəştləri verilir. Bu mexanizmlər çərçivəsində Azərbaycan iqtisadiyyatına təxminən $5,5 mlrd. sərmayə yatırılıb", - deyə Ş.Mustafayev "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması məqsədilə ölkədə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri tətbiq olunur, xarici ölkələrdə ticarət nümayəndəlikləri və ticarət evləri açılır, logistika mərkəzləri yaradılır.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən 7 il müddətinə azadolma; torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma; xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.*
N.Abbasova