2019-cu ilin I yarısında “Azərbaycan Kredit Bürosu” (AKB) MMC-yə 1 mln. 301,606 min sorğu daxil olub. Bu barədə Büronun məlumatında deyilir.
“Cari ilin I yarısında Büroya 1 mln. 301,606 min sorğu daxil olub. Hesabat dövründə 30 bank AKB-yə 1 mln. 162,865 min sorğu (sorğuların ümumi sayının 89%-i) göndərib", - deyə məlumatda bildirilir.
Bundan başqa, 40 bank olmayan kredit təşkilatı tərəfindən Büroya 138,741 min sorğu göndərilib.
Bütövlükdə, hesabat dövründə kredit sorğularının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 37% artıb.
Məlumatda qeyd olunur ki, 126 təşkilat Azərbaycan Kredit Bürosu ilə müqavilə imzalayıb.
Qeyd olunan dövr ərzində 13,827 min nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 13,751-i fiziki, 76-sı hüquqi şəxslər olub.
2017-ci ilin dekabr ayında özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclasında "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. Büro 2018-ci il fevralın 1-də fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.*
Ə.Məmmədov