Bakı Avropa Şurasının yeni baş katibi Şarl Mişellə işləməyə hazırdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan Avropa Şurasının yeni baş katibi ilə işləməyə hazırdır”, - deyə o, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçlə görüşdə bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barədə məlumat verib.
“Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini söyləyib”, - deyə məlumatda qeyd olunur.
D.Miyatoviç bildirib ki, Azərbaycana səfərinin əsas məqsədlərindən biri məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətlə tanış olmaqdır. O, məcburi köçkünlərin ləyaqətli yaşamaları üçün Azərbaycan hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.
Komissar, həmçinin müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqələrinə baş çəkdiyini diqqətə çatdırıb.*
F.İsazadə