2019-cu ilin I yarısında Azərbaycanda 23,6 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7% artıb.
I yarımillikdə sənaye məhsulunun 69,5%-i mədənçıxarma sektorunda, 25,6%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Cari ilin yanvar-iyun aylarında emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6%, içkilərin istehsalı 65,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 51,2%, hazır metal məmulatlarının istehsalı 47,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8%, kimya sənayesi məhsullarının istehsalı 30,4%, kağız və karton istehsalı 28,6%, mebel istehsalı 27,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6%, qida məhsullarının istehsalı 20%, tütün məmulatlarının istehsalı 14,2%, poliqrafiya məhsullarının istehsalı 10,6%, maşın və avadanlıqların istehsalı 10%, kompüter, elektron və optik məhsulların istehsalı 10%, tikinti materiallarının istehsalı 8,9%, əczaçılıq məhsullarının istehsalı 5,7%, geyim istehsalı 3,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8% artıb.
Bu dövrdə neft məhsullarının istehsalı 1,5%, elektrik avadanlıqlarının istehsalı 8%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.*
N.Abbasova