“PAŞA Bank”ın Quba şəhərində yeni filialı fəaliyyətə başlayıb.
“12 iyul tarixində “PAŞA Bank”ın Quba şəhərində yeni filialının rəsmi açılış mərasimi baş tutdu. Filial korporativ, kiçik və orta sahibkarlıq nümayəndələri və “PAŞA Bank”ın əməkhaqqı kart sahibi olan fiziki şəxslərə xidmət göstərəcək”, - bankın məlumatında deyilir.
“Qubada yeni filial açaraq PAŞA Bank bu regionda və yaxın ətrafda fəaliyyət göstərən iş adamlarını geniş çeşidli müasir bank məhsul və xidmətləri ilə təmin etməyə nail oldu. Bu regionun kiçik və orta sahibkarları ilə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün tarif paketləri, faktorinq və s. məhsul və xidmətləri sərfəli şərtlərlə təklif etməyə hazırıq”, - “PAŞA Bank”ın İdarə heyətinin üzvü, baş əməliyyat inzibatçısı Cəlal Orucov qeyd edib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.**
Ə.Məmmədov