İcbari Sığorta Bürosu (İSB) 2019-cu ilin I yarısında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə ümumilikdə 227 min 999,99 manat məbləğində kompensasiya ödəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İSB-dən məlumat verilib.
“Yanvar-iyun aylarında 227,999,99 min manat məbləğində 98 kompensasiya ödənişi həyata keçirilib”, - Bürodan bildirilir.
Hesabat dövrü ərzində İSB tərəfindən 174 kompensasiya tələbi nəzərdən keçirilib.
“Verilmiş ödənişlərin 138 min manatı ölüm halları, 28,38 min manatı şəxsin ağır xəsarət alması, 43,703 min manatı şəxsin az ağır xəsarət alması, 11,5 min manatı şəxsin əlillik dərəcəsi alması, 6,417 min manatı isə yüngül dərəcəli xəsarətlərlə bağlı olub”, - Bürodan qeyd olunur.
İSB-nin əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu məqsədlə müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.**
Ə.Məmmədov