Amerikanın “Grant Thornton” şirkəti Azərbaycanda 2018-2019-cu illər üzrə ümumiləşdirilmiş Hasilat Sənayesində Şəffaflıq hеsаbatını hazırlayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilir.
“2018-2019-cu illəri əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatlarının texniki və ixtisas göstəriciləri ilə bağlı İşçi Qrup tərəfindən hazırlanan Rəy Komissiya üzvlərinə təqdim edilib. Komissiya üzvləri tərəfindən müsabiqədə iştirak edən audit şirkətlərinin qapalı zərfdə təqdim etdikləri qiymət təklifləri açıldıqdan sonra İşçi Qrupun Rəyi də nəzərə alınmaqla 2018-2019-cu illər üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə “Grant Thornton” şirkəti ən yüksək balla qalib elan edilib. “Baker Tilly” - II yer, “BDO Azərbaycan” - III yeri tutub”, - məlumatda deyilir.
Ümumilikdə, 5 şirkət təkliflərini təqdim edib.
2018-ci il üzrə HSŞ hesabatlarının əhatə dairəsi və həmçinin hesabatlılıq formaları iclasda müzakirə edilərək təsdiq edilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin aprel ayında prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə aşağıdakı Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmasına dair fərman imzalayıb. ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Komissiyanın sədri təyin olunub.
2017-ci ilin aprel ayında Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya 2016-cı il ərzində hasilat sahəsindən hökumətin gəlirləri üzrə hesabatın hazırlanmasına başlayıb. **
N.Abbasova