Kənd Təsərrüfatı Nazirliyi yaxın vaxtlarda meyvə və tərəvəzin qiymətlərinin ucuzlaşacağını proqnozlaşdırır.
“Pis hava şəraiti açıq sahə məhsulunun yığımına mənfi təsir göstərir. İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Qərb və şimal rayonlarında yağıntılar və əlverişsiz hava şəraiti məhsul yığımını çətinləşdirir ki, nəticədə bazara məhsul təklifi azalır və qiymətlər bahalaşır”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq.
“Yağıntıların azalması məhsulun kütləvi yığınına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə azalacağı gözlənilir. Bu cür hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlayıb, hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artıb və qiymətlər ciddi şəkildə aşağı düşüb”, - deyə şöbə müdiri qeyd edib.*
Ə.Məmmədov