Vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatı sektorunda vergi ödəyicilərinin təqdim etdikləri hesabatlarda ciddi uyğunsuzluqların olduğunu qeyd edir.
“Kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birgə xüsusi layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.
S.Ələkbərov əlavə edib ki, layihənin məqsədi kənd təsərrüfatı sektorunda real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir.
Bu funksiya Vergilər Nazirliyinə həvalə olunub. Hazırda nazirlik müxtəlif dövlət qurumları ilə vahid informasiya platforması yaradır.*
A.Əzizov