Azərbaycandan Sverdlovsk vilayətinə ixrac olunan təzə pomidor partiyasının yoxlanılması zamanı məhsulda karantin obyektləri aşkarlanmayıb. Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Sverdlovsk vilayəti üzrə İdarəsinin məlumatında deyilir.
“Bu gün Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə Yekaterinburq gömrük terminalına 18 ton təzə pomidor partiyası gəlib. Məhsulla bağlı fitosanitar nəzarət tədbirləri həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Yoxlama zamanı pomidorlarda karantin obyektləri aşkarlanmayıb.
Eyni zamanda, Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarələri tərəfindən Azərbaycandan göndərilən pomidorlarda Cənubi Amerika güvəsi aşkarlanıb.
"Azərbaycandan gələn 18 ton təzə pomidor partiyasına baxış zamanı məhsulda karantin obyekti - Cənubi Amerika güvəsi (Tuta absoluta (Povolny)) aşkar edilib. Karantin obyektinin mövcudluğu laboratoriya ekspertizası ilə təsdiqlənib”, - deyə məlumatda qeyd olunur.
Pomidor partiyasının zərərsizləşdirilməsi ilə bağlı qərar qəbul edilib.*
N.Abbasova