Bakı Ukrayna ilə hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində davam etdiriləcəyinə ümid edir. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov bu gün Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.
“Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib”, - deyə məlumatda qeyd olunur.
Z.Həsənov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
“Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə