Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkənin şimal-qərbində alkoqolsuz içkilərin istehsalı üzrə bir sıra sexlərdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğunu aşkar edib.
Xüsusilə, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.
“Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib”, - AQTA-nın məlumatında deyilir.
Həmçinin üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib.
“Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq 6 sexin fəaliyyəti məhdudlaşdırılıb. İstehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib”, - məlumatda vurğulanır. **
F.İsazadə