2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 187,7 mln. manat təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 12,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7%-i müalicə və sağlamlıq xidmətlərindən, 6,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 1 mln. 327,5 min gecələmə keçirilib (artım 3%). Gecələmələrin 63,3%-i Bakıda, 8,7%-i Qəbələdə, 4%-i Naftalanda, 3,8%-i Qusarda, 3,4%-i Naxçıvan Muxtar Respublikası, 3,9%-i Quba, Qax, Gəncədə - hər birində 0,9%-i, Mingəçevirdə 1,3%-i, Xaçmazda - 1,6%-i, 8,2%-i digər rayonlarda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 954,2 min təşkil edib ki (artım 2%). Gecələmələrin 12,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 12,2%-i Rusiya Federasiyası, 5%-i İran, 5,4%-i Türkiyə, 5,9%-i Hindistan, 8,7%-i Səudiyyə Ərəbistanı, 3,3%-i Küveyt, 3,8%-i Böyük Britaniya, 2%-i Pakistan, 1,9%-i Qətər, 5,6%-i İsrail, hər biri 1,5%-i İraq və Qazaxıstan, 2,1%-i ABŞ, 1,2%-i Almaniya, 1,3%-i Çin, qalanı digər ölkələrin vətəndaşlarının payına düşüb.
Birinci yarımillikdə mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 2018-ci ilin analoji dövründə 20,8%-ə qarşı 21,6% təşkil edib. Bu göstərici Bakıda 32,9%, Naftalanda 47,9%, Qəbələdə 28,2%, Şəmkirdə 38,2%, Beyləqanda 30,9%, Şabranda 48,6%, Qubarda 24,5% səviyyəsində olub.
Mehmanxanaların pik dolma həddi mart ayına təsadüf edib və 31,7% təşkil edib. **
N.Abbasova