Prezident İlham Əliyev ölkədə nağdsız əməliyyatların həcminin artırılmasını vacib hesab edir.
“Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır”, - deyə dövlət başçısı iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bildirib.
O vurğulayıb ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə əsas məsələlərdən biridir.
“Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır”, - deyə İ.Əliyev qeyd edib.*
N.Abbasova