“Azərenerji” ASC 2020-ci ilin birinci yarısında Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-in yenidən qurulması işlərini yekunlaşdırmağı planlaşdırır. Bu barədə ASC-nin məlumatında deyilir.
“Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir. 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonuna kimi yekunlaşacaq. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb”, - məlumatda qeyd olunur.
Paralel olaraq 500 kV-luq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə 500 kV-luq yarımstansiyada işlərin 90%-i görülüb.
“Ötən ilin iyulunda qəza baş verən 330 kV-luq yarımstansiyada isə 63 cərəyan transformatorunın artıq hamısı dəyişdirilib. Ümumilikdə 330 kV-luq yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda 330 kV-luq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekinlaşmağa doğru gedir”, - məlumatda vurğulanır.
Həmçinin, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son yoxlama sınaq işləri aparılır.
Həyata keçirilən işlər “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq 2018-2020 illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsidir. Reabilitasiya proqramı həyata keçirilir. Proqramın dəyəri 560 mln. manatdır. Ötən il “Azərenerji” bu məqsədlərə 251,5 mln. manat (cari məzənnə ilə $147,9 mln.) yönəldib. Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
N.Abbasova