2019-cu ilin iyun ayının sonuna Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 95,47 ton qızıl alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinin strukturunda qızılın payı 95,47 ton (3 mln. 69 min 414,783 troya unsiyası), dəyəri $4 mlrd. 356,4 mln. təşkil edir”, - deyə məlumatda bildirilir.
2018-ci il dekabrın 31-nə ARDNF-nin qızıla investisiya portfeli $2 mlrd. 93 mln. məbləğində qiymətləndirilib və 50,953 ton (1 mln. 638 min 186 troya unsiyası) təşkil edib. Beləliklə, cari ilin I yarısında fond 44,517 ton qızıl (1 mln. 431 min 228,773 troya unsiyası - İF) əldə edib.
ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl almağa başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668,041 min troya unsiyası) qızıl alıb.
ARDNF-nin investisiya strategiyasının əsasını irihəcmli itkilərin minimuma endirilməsi şərti ilə maksimal gəlirliliyin əldə edilməsi təşkil edir.
Şərtlərə əsasən, 2019-cu il ərzində fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 55%-ni; səhm (pay) portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-ni; daşınmaz əmlak portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini; qızıl portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova