“Bank Respublika” 2019-cu ilin I yarısında aktivlərini 23,7% - 1 mlrd. 215,808 mln. manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Aktivlərin strukturunda müxbir hesabları daha çox xüsusi çəkiyə malikdir. 2019-cu il iyunun 30-na onların həcmi 597,784 mln. manat (2018-ci ilin dekabr ayı ilə müqayisədə artım 20% - İF) təşkil edir.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 404,079 mln. manata (artım 17,6%) bərabərdir.
İyulun əvvəlinə bankın öhdəlikləri 1 mlrd. 145,662 mln. manat (artım 23,7%), depozitləri 909,347 mln. manat (artım 27,1%) təşkil edir.
Hesabat dövrünün sonuna “Bank Respublika”nın kapitalı 70,146 mln. manata (artım 23,6%) bərabərdir.
Yanvar-iyun aylarında bankın xalis mənfəəti 12,832 min manat təşkil edib (2018-ci ilin birinci yarısı ilə müqayisədə artım 20,1 dəfə - İF).
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın səhmlərinin 84%-i sahibkar Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.**
B.Rüstəmbəyov