2019-cu ilin yanvar-iyun aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 25 mln. 141,6 min ton təşkil edib ki, bu da 2018-cı ilin analoji dövrünün göstəricisindən 2,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 6 mln. 265,2 min ton yük və ya bütün yükdaşımaların 24,9%-i dəmir yolu nəqliyyatı (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 2,9% - İF), 16 mln. 330,4 min tonu və ya 65%-i avtomobil nəqliyyatı (artım 2,5%), 2 mln. 546 min tonu və ya 10,1 %-i dəniz nəqliyyatının payına düşüb (azalma 30,4%).
Hesabat dövründə dəhliz ilə daşınan tranzit yüklərin payı bu istiqamətdə yükdaşımaların ümumi həcminin 16,1%-ni və ya 4 mln. 56,5 min ton təşkil edib (azalma 18,1% - İF).
2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 mln. 673,9 min ton yük, o cümlədən 9 mln. 344,8 min ton (17,7%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova