2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $5 mlrd. 160 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“2019-cu ilin yanvar-iyul aylarında ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $5 mlrd. 160 mln. gəlir əldə edib. O cümlədən, hesasbat dövründə“Şahdəniz” yatağından kondensatın satışından Fonda $209 mln. həcmində gəlir daxil olub”, - Fonddan qeyd ediblər.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-iyul aylarında ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $5 mlrd. 621 mln. məbləğində gəlir əldə edib. Bundan başqa, hesabat dövründə “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından fonda $94 mln. məbləğində vəsait daxil olub. Beləliklə, 2019-cu ilin hesabat dövründə AÇG blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz”dən çıxarılan kondensatın satışından Fondun ümumi gəliri 8,2% azalıb. Eyni zamanda, hesabat dövründə “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından Fondun gəlirləri 2,2 dəfə artıb.
Bütövlükdə, 2001-ci ildən 2019-cu il avqustun 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $143 mlrd. 366 mln. məbləğində vəsait daxil olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova