Xəzər donanmasının qəza-xilasetmə dəstəsinin mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinə məxsus MiQ-29 hərbi təyyarənin axtarışı üzrə birgə tədbirlədə iştirak üçün göndərilib. Bu barədə “İnterfaks”a Cənub Hərbi Dairənin mətbuat xidmətindən məlumat verilir.
“50 nəfərədək axtarış dəstəsinə “Anatoli Qujvin” kiçik hidroqrafik gəmi, SB-45 xilasetmə yedək gəmisi daxildir”, - agentliyin həmsöhbəti bildirib.
Bildirilir ki, axtarış sahəsi təqribən 600 kv. metr, dərinliyi – 40 metrədəkdir. Xəzər donanmasının dəstəsi iki sutkadan sonra axtarış işlərinə başlamağı planlaşdırır.
“O cümlədən, axtarış tədbirlərində “Falcon” sualtı aparat, “Super Qniom Pro” sualtı yoxlama kopmpleksi və “Tayqer” sualtı aparatdan istifadə etmək planlaşdırılır”, - agentliyin həmsöhbəti dəqiqləşdirib.
İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Pilotun taleyi barədə məlumat yoxdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradılıb.
Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin Azərbaycana gəlməsi gözlənilir.
Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər. **