Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yanvar-iyul aylarında 2,6 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,1 mln və 306 min sərnişin daşıyıb. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən təxminən 8% çoxdur”, - deyə məlumatda bildirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,27 mln. təşkil edib ki, bunun da 33%-i AZAL-ın, 13,4%-i “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 53,6% olub.
Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyul ayında populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “flydubai” və “AirArabia” seçilib.
“2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 mln. nəfər təşkil edib. 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, 85 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü olub”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər yerinə yetirir.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,43 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
N.Abbasova