2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 22,974 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 96,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 20,8 min ədəd avtomobil (artım 2 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,943 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 67,9%) və 92 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 27,8%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 139 ədəd (artım 2 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artaraq 28,876 min ədəd təşkil edib. Sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxal həcmi isə 2,3 dəfə - 26,147 min ədədədək artıb.*
B.Rüstəmbəyov