2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $2,7 mlrd. məbləğində əməliyyat aparılıb ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 15,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“I yarımillikdə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $2,7 mlrd. təşkil edib. Bunun $2,1 mlrd.-nı (77,8%) ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - məlumatda bildirilir.
Yanvar-iyun aylarında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $12,1 mlrd. təşkil edib. “Valyuta bazarında əməliyyatların 81,4%-i ABŞ dollarında, 18,6%-i digər valyutalarda aparılıb”, - bankdan vurğulanıb.
I yarımillikdə qeyri-nağd valyuta əməliyyatlarının 34,4%-i banklararası valyuta bazarında (BVB), 65,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
2018-ci ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $7 mlrd. məbləğində əməliyyat aparılıb.**
Ə.Məmmədov