2019-cu ilin I yarısında Azərbaycanda orta illik baza inflyasiya 2018-ci ilin sonuna qeydə alınmış 1,8%-ə qarşı 2,7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Cari ilin yanvar-iyun aylarında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ilə olan 1,8%-ə qarşı 2,7% təşkil edib”, - deyə məlumatda bildirilir.
Yanvar-iyun aylarında 520 adda mal və xidmətdən 114-nün qiyməti azalıb, 50-nin qiyməti isə dəyişməz qalıb. Beləliklə, 356 adda mal və xidmətin qiyməti bahalaşıb.
“4250 ev təsərrüfatı arasında aparılmış monitorinqlər inflyasiya tempinin artması üzrə gözləntilərin 2019-cu ilin yanvar-iyun aylarında azaldığını və son illər üzrə minimum səviyyədə qaldığını göstərir. Aparılmış sorğular əsasında müəyyən edilib ki, rəyi soruşulanların 35.4%-i gələcək 12 ayda qiymətlərin eyni səviyyədə artacağını, 38.3%-i qiymətlərin daha az səviyyədə artacağını, 20.8%-i qiymətlərin təxminən eyni qalacağını və 3.3%-i isə qiymətlərin azalacağını gözləyir”, - deyə məlumatda qeyd olunur.
2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.
2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 3,8% səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov