Azərbaycanın gömrük əməkdaşları ümumi çəkisi 4 kq-dan çox olan qızıl bəzək əşyalarının qanunsuz yolla Gürcüstandan ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz E240" markalı avtomobilə gömrük baxışı zamanı minik maşınının mühərriki saxlayan hissəsində və kondisionerinin iş rejimini təşkil edən hissəsində 3 ədəd bağlamada ümumi çəkisi 4,148 kq təşkil edən qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Qaçaq mal DGK-nın əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda aşkarlanıb.
Aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50 ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60 ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib.*
N.Abbasova