2019-cu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin qalığı 950 mln. manat təşkil edir.
“Hesabat dövründə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 26 depozit hərracı, notların yerləşdirilməsi üzrə 26 hərrac keçirib. Depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı 950 mln. manatdır”, - deyə AMB-nin 2019-cu ilin yanvar-iyun ayları üzrə Pul siyasəti icmalında bildirilir.
İyun ayının sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 250 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 700 mln. manat təşkil edib. Depozit əməliyyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib.
İyulun 1-nə depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 44.4% azalıb.
Mərkəzi Bank qeyd edir ki, 2019-cu ilin I yarısında bank sistemi yüksək likvidlik profisitinə malik olub. “Bu da AMB-nin həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirib”, - deyə icmalda vurğulanır.*
Ə.Məmmədov