Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Bunu Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, K.Vəliyev bu gün Bakıda Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Ruslan Salikovla görüşüb.
“Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-leytenant K.Vəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
O, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı etimad əsasında aparıldığını və bu əlaqələrin genişləndirilməsinin zəruriliyinini qeyd edib.
Öz növbəsində, R.Salikov hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.*
B.Rüstəmbəyov