15.08.2019 09:44

Azərbaycan dənizçiləri ilk dəfə “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olublar

Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində keçirilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub. Bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Sübhan Bəkirov məlumat verib.

“Müsabiqənin yekunları üzrə Azərbaycan komandası 212 balla birinci yeri tutub. Müsabiqə yüksək səviyyədə və dostluq mühitində keçirilib”, - deyə o, bu gün mətbuat konfransında bildirib.

S.Bəkirovun sözlərinə görə, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yeri tutub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, müsabiqədə dostluq qalib gəlib. “Hesab edirəm ki, “Dəniz kuboku-2019” beynəlxalq yarışlarında iştirak etmiş ekipajlar terror və digər təhdidlərə qarşı mübarizə bacarıqlarını daha da təkmilləşdiriblər”, - deyə o vurğulayıb.

Rusiya komandasının nümayəndəsi Sergey Yekimov yarışların gərgin keçdiyini deyib. “Bütün komandalar yüksək peşəkarlıq nümayiş etdirdilər. Əvvəlki illərlə müqayisədə bütün iştirakçılar daha yaxşı nəticələr göstəriblər. Azərbaycan komandası yüksək peşəkarlıq nümayiş etdirib”, - deyə o vurğulayıb.

Qazaxıstan komandasının rəhbəri Kanat Niyazbekov qeyd edib ki, Azərbaycan dənizçiləri yüksək peşəkarlıqlarını ortaya qoyublar. “Mən müsabiqəni yüksək səviyyədə təşkil edən Azərbaycan tərəfinə təşəkkür edirəm”, - deyə o əlavə edib.

İran nümayəndə heyətinin rəhbəri Hüseyn Həsəni isə deyib ki, qonşu ölkələr arasında bu cür proqramlar çox faydalı ola bilər. “Xəzər dənizinin təhlükəsizliyini yalnız Xəzəryanı ölkələr başqa dövlətlərin iştirakı olmadan təmin edə bilər”, – deyə o vurğulayıb.*

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.