«AccessBank» QSC İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankı olub.
Fondun saytında dərc olunmuş məlumata görə, İKZF-nin vəsaitlərindən ipoteka kreditləri verən agent bankların ümumi sayı 26-ya çatıb.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Bu günədək İKZF-nin xətti ilə ümumilikdə 1 mlrd. 324 mln. 726,21 min manat məbləğində kredit verilib.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov