II ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu bu ilin noyabr ayında Oklahoma ştatında keçiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Forum hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək”, - deyə məlumatda bildirilir.
Forum heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək.
Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir.
ABŞ-da çovdar üzrə birinci, mal əti üzrə isə ikinci ən böyük istehsalçı olan Oklahomanın kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7,1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1,9 milyard dollar gəlir gətirir.
I ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu cari ilin aprel ayında Çikaqoda keçirilib. Bu forumda Azərbaycandan 14 və İllinoys ştatından 33 şirkətin nümayəndələri iştirak ediblər.*
B.Rüstəmbəyov