Maliyyə Bazarlarına Nəzarət Palatası yeni “Banklarda korporativ idarəetmə Standartları”nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a maliyyə bazarında mənbə məlumat verib.
Standartlara korporativ idarəetmədə bankın səhmdarlarının və inzibatçılarının əsas vəzifələri, strateji planlaşdırma prosesinin təşkili Risklərin idarə edilməsi, bankın təşkilati strukturu və reqlamenti, xarici bankların yerli filiallarında aparılan mükafatlandırma prosesinə dair tələblər, dividendlərin ödənilməsi s. vəzifələr daxildir.
Yeni standartlara əsasən, hər bir bank öz strateji baxışını müəyyən etməli və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlamalıdır. Bankın strateji baxışı ilə missiya bəyanatının layihələri Müşahidə Şurasının tapşırığı ilə İdarə Heyəti tərəfindən hazırlanır. Strateji baxış və missiya bəyanatı əsasında İdarə Heyəti strateji plan hazırlayır. Strateji plan və ona düzəlişlər Müşahidə Şurası tərəfindən təsdiq olunur. Strateji plan ən azı üç illik dövrü əhatə etməlidir.
Bundan başqa, bankda onun əməliyyatlarının növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmalıdır. Risklərin idarə edilməsi sistemi özündə 3 müdafiə xəttini birləşdirir: birinci müdafiə xətti: bankın müştərilərinə xidmət göstərən, məhsul və xidmətlərin inkişafını həyata keçirən struktur bölmələr, habelə bankın filial və şöbələri daxildir. İkinci müdafiə xətti: bankda risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələr daxildir, üçüncü müdafiə xətti: audit funksiyasını həyata keçirən struktur bölmələr daxildir.
Eyni zamanda, hər bir əməkdaşa, idarəetmə orqanının üzvünə (il ərzində verilən mükafatların ümumi həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 mislindən artıq olmamalıdır. Muzdu bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında bölüşdürülməmiş mənfəətin faizi şəklində müəyyən olunan Müşahidə Şurasının üzvünə müfakat verilmir. Mükafatın həcmi və ödənişi bu qeyd olunmuş prinsiplər ilə yanaşı aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir: mükafatın öncədən müəyyən edilmiş və təxirə salınmış hissəsinin ödənilməsi bankın kapital adekvatlığı və likvidlik göstəricilərini ən azı 25% pisləşdirdikdə ödənilməməlidir. Mükafatın ödənişi bankın uzunmüddətli dövrdə kapital dayanıqlığına mənfi təsir etməməlidir.
Mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir. Bankın səhmləri ilə ödənilən mükafatlar istisna olmaqla mükafatın ən azı 50%-nin ödənişi təxirə salınır və növbəti üç il ərzində bərabər hissələrlə ödənilir. Əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25%-dən az olduqda, təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsinin ödənişi həyata keçirilmir. Növbəti maliyyə ilində bu hallar aradan qaldırıldıqda təxirə salınmış mükafatın həmin il üçün nəzərdə tutulmuş hissəsi ödənilir. **
Ə.Məmmədov