2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 21 mlrd. 108,3 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 10 mlrd. 586,3 mln. manat (2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 2,5%), qeyri-ərzaq mallarının alınmasına 9 mlrd. 522 mln. manat (artım 3,2%) sərf olunub.
Yanvar-iyul aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsullarının, 4,8%-i içki və tütün məmulatlarının, 17,9%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 153 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova