Təhsil Nazirliyi Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik ümumtəhsil məktəbinin yeni binasının tikintisi üçün podratçı seçir. Bu barədə nazirliyin məlumatında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender proseduru sentyabrın 27-i saat 15:00-da etender.gov.az saytında keçiriləcək.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2019-cu il fevral ayının 13-də Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə 2 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.*
F.İsazadə