19-23 avqust tarixlərində Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə ekspertlərin növbəti görüşü keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
“Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupunun görüşü 19-23 avqust tarixlərində baş tutacaq”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Mətbuat katibinin sözlərinə görə, görüş Azərbaycan və Gürcüstan dövlət sərhədinin hissələrindən birində keçiriləcək.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər 1996-cı ildən aparılır. Bu proses çərçivəsində tərəflər dövlət sərhədinin 480 km-lik hissəsinin 314 km-ni razılaşdırıblar.
Komissiyanın sonuncu iclası mayın sonunda Bakıda keçirilib.*
F.İsazadə