2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 14 mlrd. 183,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 5,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 13 mlrd. 685,2 mln. kVt/saat (artım 5,3%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
Yanvar-iyul aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 12 mlrd. 548,1 mln. kVt/saat (artım 6,6%), su elektrik stansiyaları 40,3 mln. kVt/saat (azalma 12%) əmtəəlik elektrik enerjisi istehsal edib.
Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 71,1 mln. kVt/saat (artım 8 dəfə), günəş enerjisinin istehsal həcmi 25,7 mln. kVt/saat (artım 9,8%) təşkil edib.
Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.
Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 25 mlrd. 256,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13,7% çoxdur.*
N.Abbasova