Azərbaycan 2019-cu ilin I yarısında $2 mln. 987,5 min dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-iyun aylarında Azərbaycan $2 mln. 987,5 min dəyərində 231,33 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 27,3%, dəyər ifadəsində 25,2% azalıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 6 ay ərzində bu ölkəyə $2 mln. 448,1 min dəyərində (azalma 30,8%) 217,48 min dekalitr (azalma 23,5%) şərab ixrac edilib.
2018-ci ildə Azərbaycan $7 mln. 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib.
2018-ci ildə Azərbaycanda 1,5 mln. dekalitr şərabçılıq məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsalın həcmi 48,9% artıb.
Şərabçılıq məhsullarının ixrac həcminin 2026-cı ilədək 1,875 mln. dekalitrədək artırılması qarşıda duran vəzifələrdən biridir.*
B.Rüstəmbəyov