“Bank BTB”də Rəqəmsal Bankçılıq Departamenti yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Pavel Karpenko Departamentin direktoru təyin edilib. O, proqramlaşdırma və rəqəmsal inkişaf proseslərinə rəhbərlik edəcək”, - deyə məlumatda bildirilir.
P.Karpenko Azərbaycan Neft Akademiyasının Tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, maliyyə strukturunda İT İdarəetmə, Məlumat Təhlükəsizliyi, Biznes Proseslərin və Xidmətlərin Rəqəmsal Transformasiyası sahəsində təcrübəyə malikdir və peşəkar fəaliyyətinə baş proqramçı kimi başlayaraq “Muğanbank”da Departament rəhbərinədək peşəkar yol keçib.
“Bank BTB” ASC-nin 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində bank diqqətini müştərilərinin biznes ehtiyaclarına uyğun rəqəmsal həllərin yaradılmasına yönəldib. Əsas hədəf bankın mövcud əməliyyatlarını alternativ rəqəmsal kanallar vasitəsi ilə rahat, tez və təhlükəsiz qaydada həyata keçirilməsini təmin etməkdir.
Xatırladaq ki, “Bank BTB”nin yeni strateji planı çərçivəsində bir neçə yeni departament yaradılıb və müvafiq təyinatlar həyata keçirilib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov