2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 18,7% - 4 mln. 690,2 min tona qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 4 mln. 304 min ton və ya 91,8% beynəlxalq tranzit yüklərin, 8,1% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2018-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 21,2% azalıb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə dəniz limanlarında 9 mln. 902,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova