2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları zamanı büdcə təşkilatlarında 266,7 min manat məbləğində artıq ödənişlərə yol verilməsi faktları aşkar olunub. Həmin sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu barədə nazirlikdən məlumat verilir.
“Birinci yarımillikdə 4 təşkilat üzrə pozuntu faktları aşkar edilib. Yoxlamalar üzrə aşkar edilmiş artıq ödənişlərə dair sənədlər prokurorluq orqanlarına göndərilib”, - məlumatda qeyd edilir.
Xüsusilə, Təhsil Nazirliyinin Qax Peşə Liseyi və Zaqatala Peşə Məktəbi, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin Yaşıllaşdırma İdarəsi və Səhiyyə Nazirliyinin Mingəçevir Tibb Kollecinin fəaliyyötində nöqsanlar aşkar olunub.
2019-cu ilin birinci yarısında Xidmətinin yoxlamaları zamanı həmçinin dövlət büdcəsindən ayrılan vəsaitin xərclərini tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.
“Dövlət Xidmətinin mərkəzi aparatının yoxlamaları nəticəsində həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub”, - nazirlik məlumat verir.
O cümlədən, bu dövrdə Xidmət tərəfindən aparılan yoxlamalar nəticəsində 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. **
Ə.Məmmədov