73-cü Beynəlxalq Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçirilə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə «Azərkosmos» ASC-dən məlumat verilib.
“73-cü Beynəlxalq Astronavtika Konqresi 2022-ci ildə keçiriləcək. Biz bu tədbirin Bakıda keçirilməsi üçün rəsmi qaydada ərizə vermişik. İddiaçılar arasında Dehli, Rio-de-Janeyro və Sinqapur da var”, - deyə məlumatda bildirilir.
İddiaçılar sentyabr ayının 20-dək konqresin təşkilinə dair yenilənmiş təkliflərini təqdim etməli və 21-25 tarixlərində Vaşinqtonda keçirilməsi planlaşdırılan 70-ci konqresdə yekun təqdimat keçirməlidirlər.
“70-ci konqres çərçivəsində oktyabrın 25-də 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin iclasını keçirəcək ölkə seçiləcək”, - deyə məlumatda qeyd olunur.
Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilir. "Beynəlxalq Astronavtika 2018 Konqresi"ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olan 4,5 mindən çox nümayəndə iştirak edib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
N.Abbasova