Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu gün Fransa Respublikasının ölkəmizdəki səfiri Aurelia Buşez ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
“Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
O, ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini deyib.
A.Buşez bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaşı olduğunu vurğulayıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və digər layihələrin əhəmiyyətini qeyd edib.
Görüşdə tərəflər Azərbaycan ilə Fransa arasında siyasət, iqtisadiyyat, mədəniyyət, elm-təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
Nazir E.Məmmədyarov A.Buşezə gələcək fəaliyyətində uğurlar arzulayıb.*
F.İsazadə