2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 72% artıb. Bu barədə Özbəkistanın Bakıdakı səfiri Şerzod Fayziyev məlumat verib.
“İki ölkə arasında iqtisadiyyat və ticarət sahələrində də müsbət dinamika yaranıb. Onların arasında iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İnam Kərimovun Özbəkistana səfərlərini xüsusilə qeyd etmək lazımdır. Səfərlər çərçivəsində iki ölkənin rəsmi və işgüzar dairələrinin iştirakı ilə dəyirmi masa keçirilib, İKT, tikinti, kənd təsərrüfatı, nəqliyyat sahələrində B2B formatında görüşlər təşkil olunub”, - deyə o, bu gün Özbəkistanın Müstəqillik günü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, bu səfərlər və keçirilən tədbirlər iqtisadi diplomatiya sahəsində gələcək fəaliyyətdə mühüm rol oynayıb.
“Nəticədə 2019-cu ilin 7 ayının yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsi 72% artıb”, - deyə səfir vurğulayıb.
Ş.Fayziyev əmindir ki, Bakı ilə Daşkənd arasında etimad üzərində qurulan sıx münasibətlər dərin tarixi köklərə, milli ənənələrin, dil və mədəniyyətin ümumiliyinə əsaslanır.
“Əminəm ki, iqtisadiyyat, ticarət, nəqliyyat və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün mövcud qarşılıqlı maraq, eləcə də ali və yüksək səviyyələrdə əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, 2018-ci ildə investisiyaların həcmi 2017-ci illə müqayisədə 280%, xarici kapitallı müəssisələrin sayı isə 863-dən 2,4 minədək artıb. 1 yanvar 2019-cu il tarixinə Özbəkistanda 8 min 250-dən çox belə müəssisə fəaliyyət göstərib.*
F.İsazadə