Tokio Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Bunu Yaponiya xarici işlər nazirinin Parlament üzrə müavini Kenci Yamada deyib.
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda K.Yamada ilə görüşüb.
“K.Yamada ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O, Yaponiya ilə Azərbaycan arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş” üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb”, – deyə XİN-in məlumatında qeyd olunur.
K.Yamada Azərbaycanın qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirib.
“Nazir E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirib və ikitərəfli əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda o, Azərbaycan ilə Yaponiya arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib”, – deyə məlumatda bildirilir.*
F.İsazadə