Bakı regional və qlobal xarakterli təhlükələrin dəf edilməsi üçünbeynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir”, - deyə dövlət başçısının Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.
O vurğulayıb ki, müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır.
“Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün dövlətlərin milli maraqları və davamlı inkişafı baxımından son dərəcə vacibdir. Regional, hətta qlobal xarakterli təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi zəruridir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır.
“Müxtəlif formatlarda həyata keçirilən əməkdaşlığımız qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərimizin birləşməsinə yönəlib”, - deyə İ.Əliyev bildirib.*
F.İsazadə