Cümə axşamı OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında həmçinin neft hasilatının azaldılmasına dair öhdəliklərin artırılması üzrə prinsipial qərarlar gözlənilmir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Sizə məlumdur ki, Monitorinq Komitəsi hasilatın səviyyəsinin monitorinqi, öhdəliklərin yerinə yetirilməsi məsələlərini müzakirə edir və komitə özünün daimi vəzifələri ilə məşğul olacaq, yeni heç nə gözləmirirk. Cari ilin iyul ayının əvvəlində nazirlər görüşündə razılıqlar əldə olunub, onlar gələn ilin mart ayınadək qüvvədədir. Belə ki, bu dəfə Monitorinq Komitəsi hər zaman olduğu kimi, öz funksiyalarını icra edəcək”, - nazir bildirib.
Şahbazov dəqiqləşdirib ki, komitə OPEC+ iştirakçılarına bəzi tövsiyyələr verə bilər. Lakin, cari vəziyyətdə hasilatın daha artıq azaldılmasına dair təkliflər gözlənilmir. “Monitorinq Komitəsinin bu cür səlahiyyəti yoxdur. Buna görə, prinsip etibarilə, hər hansı tövsiyyələr verə bilər, lakin bu artıq sabah baş tutacaq görüşdən asılı olacaq”, - nazir qeyd edib.
“Mən hazırda hasilatın daha da azaldılmasına zərurət görmürəm. Hazırda bazarda sabitlik hökm sürür. Bazarda mövcud vəziyyət iyulda qəbul olunan qərarların effektivliyini göstərir”, - nazir əlavə edib. **