Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə investisiya portfelini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın prezidenti Dmitri Pankin məlumat verib.
“Yaxın vaxtlarda biz Azərbaycan üzrə 2022-ci ilə qədər olan dövrü əhatə edən yeni ölkə strategiyasının hazırlanmasını başa çatdıracağıq. Bu strategiya iqtisadiyyatın qeyri-neft sektorunun bundan sonra da dəstəklənməsi şərtilə investisiya portfelimizin dəfələrlə əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur”, - deyə o bildirib.
D.Pankinin sözlərinə görə, hazırda QDTİB-nin Azərbaycan üzrə portfeli 100 mln. avrodan bir qədər çoxdur.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.*
Ə.Məmmədov