Növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start veriləcək. Bunu təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
C.Bayramov deyib ki, ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan abituriyentlərin 25%-i “müəllimlik” ixtisasını seçib. Bu il təhsil müəssisələrində işləmək üçün müraciət edənlərin sayı 55 mini ötüb. Son 5 ildə 20 mindən çox gənc müəllim təhsil müəssisələrinə işə qəbul olunub.
Onun sözlərinə görə, “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunmuş məktəblərin sayı artıb. Növbəti tədris ilində layihədə 100 məktəbdən 90 mindən çox şagird iştirak edəcək.*
X.Nəsirzadə