Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) aqrokreditlərin yeni qiymətləndirmə aləti sayəsində fermerlərin və kənd təsərrüfatı şirkətlərinin kreditləşmə imkanlarının artırılmasını gözləyir.
“Azərbaycan Aqrar Kreditlərinin Dəyərləndirmə Sistemi (AzALES) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Frankfurt Maliyyə Menecment Məktəbi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyilə hazırlanıb. Sistem kreditorlara mövcud riskləri daha dolğun qiymətləndirmək, sorğuları daha tez cavablandırmaq, kiçik fermer təsərrüfatlarının kredit almasını asanlaşdırmaq üçün münbit zəmin yaradır”, - AYİB-in məlumatında deyilir.
AYİB Azərbaycanın maliyyə və aqrar sektorlarında hökumətin həyata keçirdiyi islahatların daha səmərəli nəticələrə gətirib çıxarmasına yeni sistemin müsbət təsiri olacağını gözlənyir.
“Aqrobiznes kreditlərini dəyərləndirmək üçün banklara daha səmərəli sistemin təqdim olunması bu sahədəki xidmətlərin səviyyəsini yüksəltməyə kömək edəcək”, - AYİB-nin Bakı ofisinin rəhbəri İvana Duarte bildirib.
AzALES Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada istifadə edilərək dəstəklənəcək.
Nəticədə maliyyə təşkilatları dürüst məlumatlara əsaslanaraq şəffaf və səmərəli üsulla aqrar kreditlər ayıracaq, həm də belə kreditlər ifrat borclanmanı istisna edən şərtlərlə veriləcək.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 30 iyun 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,252 mlrd. avro investisiya qoyulub. Hazırda bank respublikada 38 layihə reallaşdırır və 1,375 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.**
Ə.Məmmədov