Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu ilin əvvəlindən 101,4 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İnvestisiya dəyəri 400,4 mln. manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3,4 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır”, - deyə məlumatda bildirilir.
SİF bu gün Binəqədi rayonunda fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat güzəştli kredit verib. Bu güzəştli kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və s. sahələrə yönəldiləcək.
İndiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 686,6 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov